Azərbaycanın turizm potensialı Küveyt mətbuatında





http://www.aljarida.com/articles/1550421172460764100/

Küveyt dövlətinin aparıcı nəşri olan aljarida.com-da Azərbaycan dünyada yeni bir turizm məkanı kimi təqdim olunub. Bu sahədə geniş potensiala malik olan respublikamızda turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi xüsusi vurgulanıb. Məqalədə Azərbaycanda məqsədyönlü brendinq tədbirlərinin həyata keçirilməsi,  infrastrukturun ən müasir standartlara uygun olması müsbət məqamlar kimi qeyd olunub,  cəlbedici turizm məkanlarının müxtəlifliyinə, paytaxt və bölgələrdə unikal səyahət imkanlarının olmasına diqqət yönəldilib. Küveytin adıçəkilən nəşrinin dünyada nüfuza və böyük oxucu auditoriyasına malik oldugunu nəzərə alsaq, ölkəmizin turizm potensialı ilə baglı daha geniş məlumatın çatdırılması baxımından bu məqalənin  mühüm əhəmiyyəti var.  
Turizm dünyada sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən xidmətlərin təqribən üçdəbiri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əməkqabiliyyətli əhalinin 8,1 faizi turizm sektorunda və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.  BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən ildə üç dəfə turizm reytinqi açıqlanır. Bu reytinqdə BMT-yə üzv olan region və subregionlar beynəlxalq turistlərin sayına, daxili turizmdən əldə olunan gəlirə və xaricə gedən ziyarətçilərin xərclərinə əsasən sıralanır. 2017-ci il üzrə ən çox turist gələn ölkələr - Fransa (88,9 milyon), İspaniya (82,2 milyon), ABŞ (72,9 milyon), Çin (59,9 milyon), İtaliya (48,6 milyon), Türkiyə (39,9 milyon) qərarlaşıb. Türkiyə turizm sektorunda 2023-cü il hədəflərinin 50 milyon turist və gəlirlərinin 50 milyard dollar olacagını proqnozlaşdırır. Statistik təhlillərə əsaslanan proqnozlar turizmin iqtisadiyyatdakı çəkisinin əhəmiyyətli olduğunu deməyə əsas verir. Belə ki, bu sektor, eyni zamanda, sosialiqtisadi inkişafın əsas təkanverici qüvvəsi kimi dünyanın bir çox ölkələrinin milli iqtisadi prioriteti hesab edilir.


Əlverişli təbii şəraitə malik olan Azərbaycan da turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Turizmin inkişafına dair Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində bu sahənin dinamik inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir.
Turizm sahəsində mövcud olan geniş imkanlar ölkəmizin bir sıra beynəlxalq təşkilatlarla turizmin inkişafı istiqamətində əməkdaşlıq etməsinə şərait yaradır. Bu beynəlxalq qurumlar arasında Dünya Turizm Təşkilatının, İslam Konfransı Təşkilatının, GUAM-ın, Müstəqil Dövlətlər Birliyinin və digər təşkilatların adlarını çəkmək olar. Eyni zamanda, Azərbaycan turizm sahəsində zəngin təcrübəsi olan Türkiyə, Polşa, İtaliya, Gürcüstan, Ukrayna, Rumıniya, Belarus, Yunanıstan, Moldova, Qətər və digər ölkələrlə hökumətlərarası sazişlər imzalamışdır.
2016-cı ilin  24 noyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın turizm potensialının Küveyt dövlətində təbliğatı məqsədilə iki ölkənin turizm sənayesi nümayəndələri arasında B2B görüşu keçirilmişdi. Tədbir çərçivəsində Azərbaycanın zəngin turizm potensialının Küveyt dövlətində təbliğatı məqsədilə ölkə təqdimatı, eləcə də yerli mehmanxana və turizm şirkətlərinin təqdimatları olmuşdu. Azərbaycanın turizm potensialının Küveytdə tanıdılması baxımından bu tədbirin böyük əhəmiyyəti olmuşdu. 


Prezident İlham Əliyev ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi daim diqqətdə saxlayır. Buna ən bariz nümunə kimi Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunmasını göstərmək olar. Ötən müddətdə Azərbaycan milli mədəniyyətinin və turizm potensialının dünyada tanıdılması, ölkəmizin dünyanın mədəniyyət və turizm məkanına geniş inteqrasiya olunması, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə olduğu kim çatdırılması istiqamətində müəyyən nəticələrə nail olmuşdur.
Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədilə 2006-cı ildə Turizm İnstitutu yaradılmış, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılmış, eyni zamanda, Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilməkdədir. Aparılan kompleks işlərin nəticəsi olaraq ölkəyə gələn turistlərin sayı ilbəil artır, respublikamızda fəaliyyət göstərən turizm şirkətləri şəbəkəsi genişlənir. Turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi nailiyyətlər bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə şərait yaradır. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkədə turizmin problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi üçün hazırlanmış və ugurla həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” də bu sahədə qəbul edilmiş mühüm sənədlər sırasındadır.
    Strateji Yol Xəritəsində 2025-ci ilədək turizm sektorunun inkişafının dəstəklənməsi, beynəlxalq və yerli bazarlarda yüksək keyfiyyətli və rəqabətədavamlı turizm xidmətlərinin təmin edilməsi, milli dəyərlərə uyğun turizm təcrübəsinin formalaşdırılması, müasir ideya və innovasiyalara əsaslanan yeni investisiya layihələrinin cəlb edilməsi və turizmin inkişafı ilə əlaqədar aidiyyəti orqanların qarşılıqlı koordinasiyası kimi tədbirləri özündə ehtiva edir. Son illərin statistik göstəricilərinə görə, turizm Azərbaycanda daim inkişaf edən sektorlardan biridir.   Ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü fəaliyyətin həyata keçirilməsi mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsinə imkan yaradıb. Bakıda və bölgələrdə dünya standartlarına cavab verən otel komplekslərinin istifadəyə verilməsi ölkəmizin qüdrətindən xəbər verir. Yalnız dünyanın ən inkişaf etmiş ölkələrində rast gəlinən bu cür obyektlər iş adamları, turistlər və qonaqlar üçün maksimum xidmətlər təklif edir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafına olan diqqət və qayğı respublikamızda turizimin inkişafını  sürətləndirmişdir. Əldə olunan nəticələr ölkəmizdə otel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərəhələyə qədəm qoymasını zəruri edir.
 Azərbaycan dünya turizm sektorunda ən çox üstünlük verilən 20 turizm məkanından biri olmagı qarşıya məqsəd qoyub. Strateji Yol Xəritəsinə əsasən turizm sektoru üzrə müəyyən edilmiş on altı prioritetin həyata keçirilməsi nəticəsində  Azərbaycanın real ÜDM-i 2020-ci ildə 465 milyon manat artacaq, Bakı və digər bölgələrdə prioritetlər həyata keçirilməklə turizm sektorunda  25 min iş yeri yaradılacq.

   


Prezident İlham Əliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda bildirib: “Son illərdə Azərbaycana gələn turistlərin sayı getdikcə artır və bu, çox müsbət haldır. Keçən il gələn turistlərin sayı təqribən 6 faizə yaxın artmışdır. Keçən il ölkəmizə əvvəlki illərdən daha çox - 2 milyon 850 min turist gəlmişdir. Aparılan hesablamalara görə, bu turistlər ölkəmizdə 2 milyard dollara yaxın pul xərcləmişlər. Bu, belə demək olarsa, əlavə 2 milyard dollar ixrac deməkdir. Artıq bu rəqəm göstərir ki, turizmin nə qədər böyük əhəmiyyəti var. Bu pullar xidmət sektoruna gedir, vətəndaşlar, sahibkarlar bundan faydalanırlar. Yəni, bu pullar birbaşa o şirkətlərə gedir ki, onlar bölgələrdə turistlərə müxtəlif xidmətlər göstərirlər. Çünki turistlərin böyük hissəsi artıq Azərbaycanın bölgələrinə gedir. Bütün lazımi şərait yaradılır və turizm sənayesi Azərbaycanda çox geniş imkanlara malik olmalıdır. Bunun üçün bütün lazımi ilkin şərtlər var. Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. İqlimimiz də çox gözəldir və müxtəlif iqlim tipləri var. Müasir infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, otellər, gözəl təbiət, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm inkişaf edir. Misal üçün, Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə - Naxçıvanda Duzdağ müalicəvi mərkəzinə turistlər çox gəlir, Qalaaltıya müalicəyə gəlirlər. Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Yəni, bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi Azərbaycanda çox sürətlə inkişaf edəcək”.

  Azərbaycanın turizm potensialının yüksək olması və turizmin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması istiqamətində görülən davamlı tədbirlər beynəlxalq aləmdə təqdir olunur. Bu dəfə isə Küveyt mətbuatı Azərbaycanın turizm potensialını öz nüfuzlu nəşri vastəsilə dünyaya  təqdim etdi.  Bəli, Azərbaycan bu sahədə də öz nümunəsini ortaya qoyub.



Комментарии

Отправить комментарий

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir