Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir


 Cari ilin əvvəllərindən başlayaraq əhalinin sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində Azərbaycan Prezidenti tərəfindən imzalanan fərman və sərəncamlar ölkədə aparılan sosial islahatların sistemliliyindən xəbər verir.  Dövlət başçısının həyata keçirdiyi sosial siyasətin ən ali məqsədi də məhz ölkənin hər bir vətəndaşı üçün layiqli həyat tərzinin təmin olunmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstəyi xalq verir.     
  Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlər həsr edilmiş müşavirədə bir daha bəyan etdi ki, “2019-cu ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacaq və dərinləşdiriləcək ki, ölkəmizin hər bir sahəsində inkişaf, tərəqqi olsun, vətəndaşlar daha da yaxşı yaşasınlar”.
Göründüyü kimi döv­lətin vətəndaş­ların həyati tələbatları­nın ödənil­məsinə göstər­diyi qayğı özü­nü bilavasitə sosial təminat sistemində biruzə verir. Vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən iqtisadi siyasəti ümumən insan amilinin inkişafına təkan verir. Hökumət azad iqtisadi münasibətlərə, rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də nəzərdən qaçırmır.
Prezidentin sosial-iqtisadi siyasətinin əsasında dayanan prinsiplərdən biri də respublikanın ümumi inkişafı şəraitində sosial cəhətdən həssas qruplardan olan insanların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasıdır. Ötən prezident seçkilərindən sonra ölkə başçısının imzaladığı ilk fərman da məhz şəhid vərəsələrinə veriləcək ödənişlələ bağlı oldu. Bu kateqoriyadan olan insanların siyahısı dəqiqləşdirildikdən sonra 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş verilməyə başlandı ki, bu ilin sonuna qədər proqram tam icra olunacaq. Bununla paralel olaraq, şəhid ailələrinə verilən müavinətlər də 242 manatdan 300 manata qaldırıldı. Əhalinin aztəminatlı kateqoriyası hesab edilən qaçqın və məcburi köçkünlərin aylıq müavinətlərinin artırılması ilə bağlı da yeni Sərəncam da imzalandı. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılır.
Prezident İlham Əliyev müşavirədə məcburi köçkünlər və şəhid ailələrinin mənzil şəraitinin də yaxşılaşdırılacagını bildirdi: “Məcburi köçkünlərlə bağlı bu il çox geniş inşaat proqramları icra ediləcək. Əgər keçən il 5900 köçkün ailəsi üçün mənzillər, evlər tikilmişdirsə, bu il 6 mindən 7 minə qədər köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək. Müvafiq göstərişlər verildi. Həm bölgələrdə, həm Bakı şəhərində, Sumqayıt şəhərində bu proqram icra ediləcəkdir. Şəhid ailələri üçün bu il 800 mənzil alınıb onlara veriləcək. Keçən il 626 mənzil verilmişdir. Yəni, iki il ərzində 1400-dən çox mənzil şəhid ailələrinə veriləcək. Bu günə qədər mənzil almayan bütün şəhid ailələri əminəm ki, növbəti illər ərzində, yaxın gələcəkdə mənzillərlə təmin ediləcəklər. Onu da bildirməliyəm ki, bu günə qədər 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilmişdir”.
Sosial sahəyə diqqətin ildən-ilə artırılması ölkə vətəndaşlarının rifah halının yüksəlməsi ilə nəticələnir. Son illərdə ölkəmizdə  əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləmişdir. Son illər respublikada sosialyönümlü siyasətin bütün mahiyyəti üzrə gerçəkləşdirilməsinə imkan verən, bu sahədəki ənənəvi yanaşma və metodları daha da təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, mühüm fərman və sərəncamların imzalanması, habelə bu sahədə mövcud beynəlxalq konvensiyaların ratifikasiyası da mühüm əhəmiyyətə malikdir.
Ölkədə həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri də bu sahədə inkişaf indekslərinin Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması, sosial hüquqların etibarlı müdafiəsi mexanizminin formalaşdırılmasıdır. Bu meyarlar dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda da öz əksini tapıb. Sənəddə sosial müdafiə tədbirlərinin əhatəsinin genişləndirilməsi; aztəminatlı ailələrin maddi imkanlarının yaxşılaşmasına yönəlmiş sosial layihələrin davam etdirilməsi; sosial sistemin təkmilləşdirilməsi məqsədi ilə islahatların həyata keçirilməsi; sosial təminat və pensiya sisteminin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması ilə bağlı prioritetlər müəyyənləşdirilmişdir.

İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət nəticəsində son illər Azərbaycanda işsizliyin səviyyəsində də nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verir. Qeyri-neft sektorunun davamlı və dinamik inkişafı ölkədə işsizlik probleminin həllinə gətirib çıxarıb. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirirlər.
 Minimum pensiyaların məbləği 38 faiz artaraq 116 manatdan 160 manata yüksəldildi. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdə qərarlaşıb. Ümumilikdə isə minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatının yaxşılaşdırılmasına səbəb olacaq. Minimum əməkhaqqı da 130 manatdan 180 manata qaldırıldı ki,  bu da  600 min insanı əhatə edir.
Hazırda vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə baglı məsələdir. Xatırladaq ki, hələ 2012-ci ildə buna bənzər bir məsələ ortaya çıxmışdı. O zaman əhalini SSRİ Əmanət Banklarında qalan əmanətlərinin taleyi qaygılandırırdı. Həmin dövrün ən yaddaqalan sosial layihələrindən biri ölkə başçısının 2012-ci il 14 mart tarixdə vətəndaşların keçmiş SSRİ Əmanət Bankında qalan əmanətlərinin fərdi birdəfəlik qaytarılmasını nəzərdə tutan xüsusi fərman imzalaması olmuşdu. Vətəndaşları uzun illərdən bəri qayğılandıran bu məsələnin uğurlu həllini tapması sosial məsələlərin həllininin ölkə başçısının daimi diqqət mərkəzində olduğunu göstərir. Fərmanın icrası üçün b[yük maliyyə vəsaiti ayrıldı ki, bu da 2 milyon 400 min şəxsi əhatə etdi. Düzdür, Azərbaycan dövləti o əməanətlərə heç bir hüquqi, mənəvi məsuliyyət və öhdəlik daşımasa da ölkə rəhbərliyi insanlarımızın mənafeyini nəzərə alaraq belə bir addım atdı. Xatırladım ki, postsovet məkanında ən işlək, ən səmərəli, ən ədalətli və insanlar üçün ən məqbul variant məhz Azərbaycanda tətbiq edildi.
Azərbaycan Prezidenti müşavirədə vətəndaşlarımızı narahat edən problemli kreditlər məsələsinin də həlli istiqamətində g[rüləcək işlərdən danışdı: “Vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrupu çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir.
Deyə bilərəm ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni, burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir. Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir”.
Prezident İlham Əliyevin xalq qarşısında elə  bir vədi yoxdur ki, ötən 16 ildə bəyanat səviyyəsində, reallaşmamış qalsın. Ötən müddətdə həyata keçirilən çoxşaxəli islahatlar miqyasına, əhəmiyyətinə görə ən azından onilliklər ərzində reallaşdırılması mümkündür. Bu gün də davam etdirilən ugurlu  islahatlar xalqın güzəranının daha da yaxşılaşdırılmasına hesablanıb.

Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....