Sosial islahatlar: hədəflər və əldə olunan nəticələr
«Əsl siyasət konkret
real iş görməkdir» devizinə sadiq qalan Prezident İlham Əliyev xalq qarşısında
verdiyi vədləri yerinə yetirməklə, insanların sosial
rifahının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Təkcə cari
ilin yanvarından başlayaraq sosial sferaya aid qəbul edilən fundamental qərarlar, imzalanan sərəncamlar Prezidentin
xalqın mənafeyindən çıxış etdiyini bir daha təsdiqləyir.
Həyata keçirilən çoxşaxəli
tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə
miqyaslı, konkret olması ilə diqqət çəkir. Aparılan sosial
islahatları analiz etdikdə bir daha aydın görünür ki, əhalinin sosial müdafiəsi
məsələlərində ünvanlılıq prinsipi gözlənilir. Təqaüdçülərin, əlillərin,
ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər
şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılması onların həyat səviyyəsinin
yüksəldilməsinə hesablanıb.
Prezident İlham Əliyev bu günlərdə iqtisadi və sosial məsələlərlə
bağlı keçirdiyi müşavirədə bu kateqoriyadan olan insanların sosial təminatının
yaxşıladırılmasının daim diqqətdə saxlanıldıgını konkret faktlarla sadaladı: “2019-cu
il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən
il olacaqdır. Hələ keçən ilin dekabr ayında hərbçilər üçün inşa edilmiş yeni
binanın açılışı zamanı bildirmişdim ki, şəhid ailələrinin sosial məsələləri öz
həllini tapacaq. Bildiyiniz kimi, prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhidlərin vərəsələrinə
veriləcək 11 min manat ödənişlə bağlı idi. Siyahılar dəqiqləşdirilirdi və ilkin
təhlil onu göstərmişdir ki, təqribən 9500 şəhid ailəsinə ödəmələr veriləcəkdir.
Ancaq sonra dəqiqləşmə aparıldı. Dekabr ayında mən bildirdim ki, dəqiqləşmə nəticəsində
bu rəqəm artacaq və artdı. Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət
tərəfindən 11 min manat ödəniş edilir və bu ilin sonuna qədər bu proqram tam
icra olunacaqdır. Bununla paralel olaraq, şəhid ailələri ilə görüşdə onlar
məsələ qaldırdılar ki, müavinətlər də artsın. Dərhal Fərman imzalandı və bu
müavinət 242 manatdan 300 manata artırıldı. Maddi imkanlarımız artdıqca,
əlbəttə ki, daim bu məsələ diqqət mərkəzində olacaqdır. Əfqanıstanda həlak
olanların ailələrinə verilən müavinət də bu yaxınlarda artırılmış, 220 manatdan
300 manata qaldırılmışdır. Bu da ədalətli yanaşmadır. Bir sözlə, bütün bu
məsələlərlə bağlı biz ardıcıl olaraq öz siyasətimizi aparırıq. Maddi
imkanlarımız artdıqca, ilk növbədə, bu məsələləri həll edirik”.
Sosial-iqtisadi
siyasətin əsas prioritetlərdən biri də məhz respublikanın ümumi inkişafı
şəraitində sosial cəhətdən həssas qruplardan olan insanların etibarlı sosial
müdafiə sistemi ilə əhatə olunmasıdır. Bu amili son illərin dövlət büdcəsinə
nəzər salarkən aydın şəkildə görmək olar. 2019-ci ilin dövlət büdcəsinin 33,4
faizinin məhz sosialyönümlü xərclərə ayrılması bir daha təsdiqlədi ki, sosial
müdafiənin təmin edilməsi ölkə rəhbərinin daim diqqət mərkəzində olan
məsələdir. Bu il
əməkhaqqları 38 faiz artıb. Minimum pensiyaların məbləği də 38 faiz artaraq 116
manatdan 160 manata yüksəlib. Minimum pensiyanın artırılması 223 min insanın
pensiya təminatının yaxşılaşdırılmasına yönəlib. İqtisadi islahatların nəticəsi
olaraq ölkəmizdə əməkhaqları, pensiyalar da davamlı olaraq artırılacaq.
Prezident müşavirədə dogma yurdlarından didərgin düşmüş məcburi
köçkünlərin yaşayış şəraitinin daha da yaxşılaşdırılması ilə baglı davamlı
tədbirlərin həyata keçiriləcəyini bildirdi: “Məcburi köçkünlərlə bağlı bu il
çox geniş inşaat proqramları icra ediləcək. Əgər keçən il 5900 köçkün ailəsi
üçün mənzillər, evlər tikilmişdirsə, bu il 6 mindən 7 minə qədər köçkün ailəsi
yeni mənzillərlə, evlərlə təmin ediləcək. Müvafiq göstərişlər verildi. Həm
bölgələrdə, həm Bakı şəhərində, Sumqayıt şəhərində bu proqram icra ediləcəkdir.
Şəhid ailələri üçün bu il 800 mənzil alınıb onlara veriləcək. Keçən il 626
mənzil verilmişdir. Yəni, iki il ərzində 1400-dən çox mənzil şəhid ailələrinə
veriləcək. Bu günə qədər mənzil almayan bütün şəhid ailələri əminəm ki, növbəti
illər ərzində, yaxın gələcəkdə mənzillərlə təmin ediləcəklər. Onu da
bildirməliyəm ki, bu günə qədər 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən
mənzillərlə, evlərlə təmin edilmişdir”.
Ölkədə yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə,
rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, yeni
yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi son nəticədə Azərbaycan
insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin
cəmiyyətimizdə əsas meyara çevrilməsinə xidmət göstərir. Aparılan
genişmiqyaslı işlərlə baglı ölkə ictimaiyyətinə mütəmadi məlumatların verilməsi cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının
qorunmasını təmin edir. Milli inkişafı
təmin edən çevik islahatlar kursunu inamla həyata keçirən dövlət başçısı hökumətin
vaxtaşırı olaraq xalqa hesabat verməsini milli dövlətçilik tarixində mütərəqqi
ənənəyə çevirməsi dövlət başçısının demokratik dəyərlərə hörmətinin, ictimai
rəyə həssas münasibətinin təcəssümüdür.
İstər paytaxtda istərsə
də bölgələrə səfərlərində vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, bu problemlərin həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin vətəndaşların mənafeyinin müdafiəsi, onların problemlərinin həlli istiqamətində müvafiq qurumalara qəti tapşırıqlar verməsi ictimai fikirdə ölkədəki islahatların uğurla davam edəcəyinə inam yaradır. Son dönəmlərdə vətəndaşları
ən çox narahat edən məsələlərdən biri də banklarla yaranmış problemlərinin dövlətin
müdaxiləsi əsasında həll edilməsi ilə baglı idi.
Dövlət
başçısı müşavirədə bu məsələnin də nəzarətə götürüldüyünü və tezliklə həll
ediləcəyini bildirdi: “Vətəndaşları narahat edən məsələlərdən biri də problemli
kreditlərlə bağlıdır. Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət
üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş
aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ
müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki,
bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq
deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrupu çox ciddi məşğuldur.
İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ
deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının
yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu,
ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir.
Deyə
bilərəm ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə
gəlməyə şərait yaradır. Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik.
Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan
bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə
göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi
ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir.
Yəni, burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün
təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir.
Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır.
Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq
üzrədir”.
Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar və
nəticələr göz qabagındadır. Görülən bu işlər sosial islahatlar paketinin tərkib
hissəsidir. Bu bir daha təsdiq edir ki, dövlət
siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Комментарии
Отправить комментарий