Elmar Məmmədyarov: “Ermənistanın hazırkı rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə nümayiş etdirməlidir”
"Ümid edirik ki, bu il Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə
arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə
olunacaq. Münaqişənin həllində inkişaf, regionda sülh, təhlükəsizlik və
sabitlik üçün şəraitin yaradılması, ilk növbədə, elə Ermənistanda iqtisadi
artım üçün imkanlar yaradır".
Bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarov
"Korea Times" qəzetinə müsahibəsində deyib.
"Ermənistanın
hazırkı rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə nümayiş
etdirməlidir və mehriban qonşuluq fəlsəfəsinə uyğun olaraq, regionda sülhə,
sabitliyə və davamlı inkişafa nail olmaq naminə hərəkət etməlidir".-deyə
E.Məmmədyarov bildirib.
"Ölkəmiz
müxtəlif etnik qruplardan olan vətəndaşlarının təhlükəsizliyini təmin etdiyi
kimi, beynəlxalq öhdəliklərinə uyğun olaraq, bunu Dağlıq Qarabağdakı erməni
mənşəli vətəndaşlarına münasibətdə də etməyə və Azərbaycan Respublikasının
beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində onlara yüksək səviyyəli
özünüidarəetmə hüququ verməyə hazırdır. Ölkəmizin Dağlıq Qarabağ bölgəsinin
azərbaycanlı icması evlərinə qayıtmağa hazırdır və bu məsələ yaxınlarda icmanın
dərc olunmuş bəyanatında da yenidən vurğulanıb", - XİN başçısı söyləyib.
Onun sözlərinə görə,
əvvəllər Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmaslar
olub, lakin, təəssüf ki, Ermənistanın əvvəlki rəhbərliyinin "səyləri"
nəticəsində bu əlaqələr kəsilib.
"Bilirsiniz,
torpağı götürüb onunla başqa yerə getmək mümkün deyil. Əlbəttə ki, münaqişənin
həllindən sonra bu iki icma bir yerdə yaşamalı olacaq. Buna görə də Dağlıq
Qarabağın azərbaycanlı və erməni icmaları arasında əlaqələrin inkişafı və
bərpası vacibdir", - deyə Azərbaycanın xarici işlər naziri bildirib.
Комментарии
Отправить комментарий