Azərbaycanın təşəbbüsü və liderliyi ilə nümunəvi əməkdaşlıq formatı
Azərbaycan “Cənub Qaz Dəhlizi”
layihəsi çərçivəsində mühüm əməkdaşlıq formatı yaradıb. Bakıda Cənub
Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin sayca beşinci toplantısının
keçirilməsi bir daha təsdiq etdi ki, etibarlı enerji təchizatçısı kimi Azərbaycan
yalnız Avropa üçün deyil, daha geniş miqyasda böyük əhəmiyyət daşıyır.
Azərbaycanın təşəbbüsü və liderliyi ilə Avropanın enerji təminatında yeni
mənbənin müəyyənləşdirilməsi və yeni dəhlizin yaradılması mühüm tarixi
hadisədir. Məşvərət Şurasının işində dünyanın ayrı-ayrı ölkələrini təmsil edən
vəzifəli şəxslərin iştirakı layihə ilə bağlı müzakirələrin daha yüksək
səviyyəyə qaldırıldığını göstərir.
Bu nəhəng layihə
Azərbaycanın iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının
əsas elementlərindən biridir. Azərbaycanın neftlə yanaşı böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni
ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri
reallaşdırmağa imkan yaradıb. Şübhəsiz ki, Azərbaycanın son illər əldə
etdiyi böyük uğurlar öz əsasını məhz “Əsrin
müqaviləsi”nin gətirdiyi iqtisadi dividendlərdən götürür. Hazırda
layihənin müddəti 2050-ci ilədək uzadılıb. Neft gəlirlərinin
iqtisadiyyatın digər vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna,
istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə
işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə
tədbirlərinin gücləndirilməsi Prezident İlham Əliyevin ilk gündən hökumət
qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələrdəndir.
Bakı-Tbilisi-Ceyhan
neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünya miqyaslı layihələr
olmaqla, Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açıb. Bu layihələr
eyni zamanda respublikamızın müstəqilliyini daha da möhkəmləndirir, regionda
müstəqil siyasət aparmasını təmin edir. Uğurla gerçəkləşdirilən yeni neft
strategiyası nəticəsində Azərbaycan bölgədə hansısa ölkədən enerji asılılığı
olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə respublika
kimi çıxış edir. 2006-cı ilədək Rusiyadan qaz idxal edən Azərbaycan məhz "Şahdəniz" yatağından hasil
olunan təbii qaz hesabına nəinki öz tələbatını ödəmək, hətta mavi yanacağını
Avropa bazarlarına çıxarmaq imkanı qazanmışdır.
Qeyd edim ki, 1999-cu ildə kəşf olunan "Şahdəniz"
yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan
və Türkiyəyə qaz ixrac edilir. "Şahdəniz" yatağının işlənilməsinin ikinci
mərhələsi və "Cənub Qaz Dəhlizi” layihələri isə dünyanın neft-qaz sənayesində
indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur.
Türkiyə ilə Trans-Anadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalnmış, TAP
layihəsi əsas ixrac marşrutu seçilmişdi. “Cənub Qaz Dəhlizi”nin birinci hissəsi
2007-ci ildə istifadəyə verilmişdir. Ondan sonrakı dövr ərzində bu böyük layihə
üzərində davamlı işlər həyata keçirilməyə başlanmışdır. 2013-cü ildə TAP layihəsi
- Transadriatik kəmərinin əsas ixrac marşrutu barədə əldə olunan razılıq isə
"Cənub Qaz Dəhlizi”nin üçüncü mərhələsi oldu. Cənub-Şərqi Avropanı təbii qazla
təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər
böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya
ötürülməsi üçün də geniş imkanlar açacaq.İlkin mərhələdə Azərbaycan qazının daşınması
"Şahdəniz-2" layihəsinin hasilatı hesabına olacaqdır.
2015-ci ildə Türkiyənin Qars vilayətində Türkiyə,
Gürcüstan və Azərbaycan prezidentlərinin iştirakı ilə TANAP-ın təməlqoyma mərasimi
keçirilib. TANAP layihəsi “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında olduqca
əhəmiyyətli idi. 2018-ci ildə Türkiyəyə 6 milyard, 2019-cu ildə isə Avropaya 10
milyard kubmetr qaz nəql olunacaq. 2025-ci ilədək Azərbaycan qaz ixracatını
40-50 milyard kubmetrə çatdıracaqdır. “Cənub Qaz Dəhlizi” ilə bağlı sazişin imzalanmasından
sonra Azərbaycan Avropa üçün əhəmiyyətli
bir tərəfdaşa çevrilməklə, artıq enerji təchizatı marşrutlarını şaxələndirməyə nail
olub.
Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində
keçirilən nazirlərin birinci və ikinci görüşündə layihənin həyata keçirilməsi ilə
bağlı məsələlər müzakirə olunmuş, mətbuat üçün bəyanat qəbul edilmişdi. Paytaxtımızda
Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü və dördüncü toplantısının
keçirilməsi də mühüm əhəmiyyət daşıdı. İclasda ABŞ və Böyük Britaniya hökumətlərinin yüksək nümayəndələri, həmçinin
Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və
müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji
birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri iştirak etdilər. “Cənub Qaz Dəhlizi”nin
Məşvərət Şurası çərçivəsində
nazirlərin toplantısında enerji layihəsinin
bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabat dinlənildi, layihəyə cəlb
edilmiş ölkələrin nazirlərinin perespektivdə g[rüləcək işlərlə baglı çıxışları
oldu. Qeyd edim ki, müvafiq layihənin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin
enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü bu layihənin
strateji əhəmiyyətini yüksək qiymətləndirən, eyni zamanda onun enerji sahəsindəki
əməkdaşlığı daha da dərinləşdirməsi perspektivlərinə böyük önəm verən Prezident
İlham Əliyev tərəfindən irəli sürülüb.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası
çərçivəsində nazirlərin beşinci toplantısı da işini plenar sessiya ilə davam
etdirib. Sessiyada İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi,
ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra
Oudkirk, Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi
Baronessa Emma Nikolson, Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi
Kakayev, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, BP-nin
Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, TANAP-ın
baş direktoru Saltuk Düzyol və TAP-ın icraçı direktoru Luka Şipati çıxış edərək
layihənin reallaşmasının enerji sahəsində əməkdaşlıga böyük töhvə verəcəyini
bildiriblər.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi
Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında bildirib: “Ötən ilin fevral ayındakı sonuncu
görüşümüzdən sonra iki mühüm tədbir keçirildi - biri Azərbaycanda, digəri isə
Türkiyədə. May ayında Cənub Qaz Dəhlizinin, iyunda isə TANAP-ın rəsmi açılışları
baş tutdu. Bunlar “Şahdəniz” yatağının istismarı və Cənub Qaz Dəhlizinin həyata
keçirilməsi baxımından mühüm hadisələr idi. Bu gün biz bu nəhəng enerji
layihəsinin yekunlaşdırılmasına yaxınıq. Onun dörd elementindən üçü artıq
hazırdır və istifadə olunur. TANAP layihəsinin istifadəyə verilməsindən sonra 1
milyard kubmetr qazın Türkiyə bazarına ixracı bizi məmnun edir. Trans-Adriatik
boru kəmərinin inşasında da böyük irəliləyiş var. Ötən ilin fevral ayında şura
qarşısında çıxışımda TAP-ın hazırlığının 67 faiz səviyyəsində olduğunu qeyd
etmişdim. İndi isə son göstəricilərə görə bu rəqəm 87 faizdir. Yəni, bir ildə
biz böyük irəliləyişə nail olmuşuq, işlər uğurla gedir və ümidvaram ki, gələn
il biz yeni nəticələr haqqında danışacağıq”.
Bu
gün regional əməkdaşlıq formatı Azərbaycan, Gürcüstan və Türkiyə ilə
məhdudlaşmır. Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində adıçəkilən
ölkələrlə yanaşı Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya da mühüm rola malikdirlər.
Habelə beşinci toplantıda Macarıstan, Rumıniya, Serbiya, San-Marino və
Türkmənistandan olan nümayəndələrin iştirak etməsi bu layihəyə maraq göstərən dövlətlərin
sayının artdıgını göstərir. Asiya və Avropa arasında yeni dəmir yolu əlaqəsi
olan yeni layihənin - Bakı-Tbilisi-Qars dəmir yol xəttinin açılışı da
əməkdaşlıgın əhatə dairəsini genişləndirib. Bu layihənin gerşəkləşməsi ilə
Asiyadan Avropaya yüklərin daşınmasına sərf olunan zamanı iki dəfədən çox
azalıb. Bu imkanlardan istifadə edən ölkələr daha böyük iqtisadi dividentlər
qazanmaga başlayıblar. Bakı-Tbilisi-Qars dəmir yol xəttinin istismara verilməsi
yeni İpək Yolu layihəsinin də çox mühüm bir elementi olacaq.
Prezident İlham Əliyev iclasda
bəyan etdi ki, enerji təhlükəsizliyi məsələsini milli təhlükəsizlik
məsələsindən ayrı müzakirə etmək olmaz. Enerji təhlükəsizliyi hər bir dövlətin milli
təhlükəsizliyinin ayrılmaz bir hissəsidir deyən dövlət başçısı diqqətə çatdırdı
ki, o dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır, onlar əmin
olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq. Onlar özlərinin
gələcəyini və sənaye inkişafını planlaşdırmalıdır. Eyni zamanda, təbii
sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz
məqsədlərinə çata bilməzlər. Beləliklə, bu, enerji təhlükəsizliyi, enerji
şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir.
Sessiyada
çıxışı zamanı Avropa Komissiyasının komissarı, Məşvərət Şurasının fəaliyyətdə
olan həmsədri Günter Ottinger də bu layihənin Avropa İttifaqının enerji
təhlükəsizliyini xeyli gücləndirəcəyini bildirdi. “Bu gün Azərbaycan güclü
artım tempinə malik ölkədir və iqtisadi çağırışlarını inamla həll edir”, -
deyən Avropa İttifaqının rəsmisi əlverişli geosiyasi mövqeyə malik Azərbaycanın
enerjini hasil və ixrac edən mühüm ölkə olduğunu və Avropa İttifaqının Azərbaycanın
zəngin enerji təcrübəsindən faydalandığını vurğuladı. “Avropa İttifaqı üçün
Azərbaycan Mərkəzi Asiya və Çinə çıxış yoludur”, - deyən komissar Azərbaycanın
enerji şaxələndirilməsi planlarına da Avropa İttifaqının öz dəstəyini ifadə
etdiyini bildirdi. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin
görüşü Birgə Bəyannamənin qəbul edilməsi ilə yekunlaşdı.
Cənub Qaz Dəhlizi
Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı bir daha göstərdi
ki, müstəqil respublikamız öz enerji müstəqilliyini təmin etməklə yanaşı, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin
başlıca təminatçılarından birinə
çevrilib. Bunun nəticəsi kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və
beynəlxalq nüfuzu yüksəlib.
Комментарии
Отправить комментарий