Yeni çağırışlara cavab verən struktur islahatları
Struktur
islahatlarına xüsusi diqqət yetirən dövlət başçısı bu ildə də islahatların
davamlı olacagına diqqət çəkib. Prezident İlham
Əliyev ötən ilin yekunlarına həsr edilmiş iclasda bu barədə bildirib: “Yeni idarəetmə strukturu olmalıdır
- daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar
yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada
yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim
idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir
- idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş
görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona
görə struktur islahatı, kadr islahatı aparılmalıdır”.
Ötən illərdə
Azərbaycanda
idarəetmənin təkmilləşdirilməsi, lüzumsuz idarəetmə halqalarının ləğv edilməsi,
idarəetmənin daha çevik vətəndaşa daha yaxın olması istiqamətində mühüm işlər
həyata keçirilib. Prezident Adminstrasiyasında, Nazirlər Kabinetində aparılan
islahatlar buna misal ola bilər. Prezident
Administrasiyasında islahatlar aparıldı, prezidentin köməkçiləri institutu
yaradıldı, müəyyən şöbələr ləğv edildı. Azərbaycan prezidentinin 2017-ci il 23
avqust tarixli fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq
edildi və Aparatın işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 280
ştat vahidindən 200 ştat vahidinə endirildi, ixtisarlar aparıldı. Mövcud olan
11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradıldı. Həmçinin, bir
sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirildi.
Fəaliyyətinə ehtiyac olmayan şöbələrin ləğv edilməsi,
birləşdirilməsi, artıq ştatların ləğv edilməsi bir tərəfdən dövlət vəsaitinin
qənaət edilməsinə şərait yaradır, digər tərəfdən isə dövlət siyasətinin həyata
keçirilməsində çeviklik və dinamikliyin artmasına imkan yaradır.
Respublikamızın son 15 ildə iqtisadi və
demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu
istiqamətində qazandığı böyük nailiyyətlər möhkəm təmələ əsaslanır. Son illərdə
bu inkişaf modelinin yeni dövrün tələblərinə uyğun daha da təkmilləşdirilməsinə
xidmət edən kompleks islahatlar Azərbaycanı zəif və tənəzzül edən iqtisadi
sistemə, düzgün siyasi institusional quruluşa, marginallaşmış ictimai şüura
malik sosiumdan yeni davranış normaları və stereotipləri, davamlı siyasi
sistemi və mərhələlər üzrə formalaşmaqda olan demokratik təsisatları, bazar
sisteminə xas iqtisadi strukturu olan əlverişli geopolitik məkana çevirməyə
imkan verib.
Bu gün dünyanın ən müxtəlif iqtisadi
mərkəzləri respublikamızın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni
iqtisadi fenomenini görür, Azərbaycan modelinin mahiyyətini öyrənməyə
çalışırlar. Davos
İqtisadi Forumunun “Qlobal Rəqabətlilik 2019” hesabatına əsasən Azərbaycan 140
ölkə arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə
müqayisədə 3 pillə irəliləyərək 12-ci yeri tutub. Bu nəticə ilə ölkəmiz
Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyub. Bu fakt bir daha
gösərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə səmərəli və
effektiv dövlət idarəetmə aparatı yaranıb.
Demokratik dövlətin mühüm təsisat kimi
başlıca vəzifəsi bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın maddi
rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat
səviyyəsinin təmin olunması, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər
imkanların yaradılmasıdır. Maddi sıxıntılar içərisində yaşayan insan azad ola
bilməz və iqtisadi baxımdan inkişaf etməmiş hansısa cəmiyyətdə demokratiya
qurmaq mümkün deyildir. Azərbaycan demokratik tranzit mərhələsində olan ölkə
kimi demokratik inkişaf yolunun dönməzliyini və əbədiliyini özü üçün tam
yəqinləşdirmiş, xalqın gələcək inkişafında bu mütərəqqi dəyərlərin rolunu və
əhəmiyyətini daim önə çəkib. Azərbaycanda liberallaşmaya xidmət edən
hüquqi-siyasi və demokratik islahatların aparılması mühüm nəticəlr verir.
Azərbaycan insanının gün-güzəranı
yaxşılaşır, şəhər, kənd və qəsəbələr abadlaşır, respublikamızda
işsizlik-yoxsulluq kimi ağır sosial bəlalar artıq həllini tapır. Bütün bunlarla
yanaşı, Azərbaycanda demokratiyanın təntənəsi, qanunların aliliyi, haqq-ədalətin
zəfəri üçün bütün lazımi tədbirlər həyata keçirilir. Azərbaycanın mövcud
iqtisadi potensialının insan kapitalına çevrilməsi istiqamətində atılan
addımlar ölkəmizin elmi inkişafına doğru sürətli kurs götürdüyünü təsdiqləyir.
Bu gün dövlət başçısı İlham Əliyevin
həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini
və inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə Azərbaycanın qısa müddət
ərzində iqtisadi inkişaf göstəricilərinə görə inkişaf etmiş ölkələr səviyyəsinə
yüksəlişini təmin edəcək.
Комментарии
Отправить комментарий