Struktur islahatları iqtisadi səmərəliliyi daha da artıracaq
Dünyanın inkişaf etmiş ölkələrinin
təcrübəsi sübut edir ki, cəmiyyətin
təkamül sistemini, habelə dövlət idarəçilik mexanizmlərinin səmərəli
fəaliyyətinin tənzimlənməsi davamlı və zəruri səciyyə daşıyır. Bu istiqamətdə
həyata keçirilən mütərəqqi islahatların praktik nəticələr verməsi isə daha çox
tətbiq olunan yeniliklərin zamanla nə dərəcədə səsləşməsi, cəmiyyətin inkişaf
tempinə uyğunluğu ilə şərtlənir. Prezident İlham Əliyev müasir dünyada mövcud
siyasi-iqtisadi vəziyyəti, qlobal maraqlar sistemini nəzərə almaqla ölkəmizin
davamlı inkişafı istiqamətində kompleks islahatları davam etdirir.Ölkə başçısı dünən dövlət idarəçiliyinin
təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında növbəti fərman imzalayıb.
Fərmana əsasən “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti və Aqrar
Xidmətlər Agentliyi yaranır, Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə
yenidən təşkil edilir.
Prezident İlham Əliyevin apardığı struktur
islahatları iqtisadi səmərəliliyin daha da artırılmasına xidmət edir. Struktur
islahatlar institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı
inkiaşfına xidmətə yönəldir. “Azərsilah”
Açıq Səhmdar Cəmiyyəti və Aqrar Xidmətlər Agentliyinin yaradılması da iqtisadiyyatın
rəqabət qabiliyyətinin artırılması, qeyri-neft ixracının genişlənməsi, idxalın
əvəzlənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ordunun hərbi-texniki
təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına
yüksəldilməsini təmin edəcək.
Ölkə
başçısısnın fərmanına əsasən həmçinin Alternativ və Bərpa Olunan Enerji
Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzi ləğv edilir, Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi,
Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən
İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif
(qiymət) Şurasının Katibliyi ləğv edilir və onların fəaliyyəti ictimai
əsaslarla həyata keçirilməklə yenidən təşkil edilir.
Dövlət başçısının təşəbbüsü ilə
ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, şəffaflığın və azad rəqabətin
təmin olunması, bürokratik əngəllərin, monopoliyanın aradan qaldırılması,
məmur-vətəndaş təmasının minimuma endirilməsi, əsassız yoxlamaların aradan
qaldırılması, daha çevik və keyfiyyətli idarəetmənin təmin edilməsi məqsədilə aparılan
bu islahatlar mühüm nəticələr verir. Dünyanın nüfuzlu maliyyə qurumları Azərbaycanda həyata keçirilən
islahatları təqdir edirlər. Davos İqtisadi
Forumunun “Qlobal Rəqabətlilik 2019” hesabatına əsasən Azərbaycan 140 ölkə
arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə
müqayisədə 3 pillə irəliləyərək 12-ci yeri tutub. Bu nəticə ilə ölkəmiz
Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyub. Bu fakt bir daha gösərir
ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə səmərəli və effektiv
dövlət idarəetmə aparatı yaranıb.
Dünya
Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdə qərarlaşıb.
İl ərzində biz 32 pillə irəliləmək çox yüksək göstəricidir. Dünyada ciddi
iqtisadi kataklizmlərin, sosial problemlərin dərinləşdiyi bir şəraitdə Azərbaycanda
Ümumi daxili məhsul (ÜDM) artımı ötən il
1,4 faiz, qeyri-neft sektorunun inkişafı 1,8 faiz, sənaye istehsalı 1,5 faiz
artıb. İnflyasiya cəmi 2,3 faizdir, əhalinin pul gəlirləri 9,2 faiz artıb. 118
min daimi iş yeri yaradılıb.
Azərbaycan iqtisadiyyatının
inkişafı, siyasi sabitlik investisiyaların həcminə də pozitiv təsir göstərib. Ölkə
iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub. Bu bir daha göstərir
ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir.
Həyata keçirilən struktur
islahatları Azərbaycan hökumətinin apardığı iqtisadi islahatların mühüm tərkib
hissəsidir. Bu səbəbdən də ölkədə aparılan struktur islahatlarının davamlı
olacağı heç bir şübhə döğurmur. Azərbaycan hökuməti bir ildir ki, post-neft
dövrünün başlandığını rəsmi şəkildə elan edib. Bu gün ölkədə bütün islahatlar
məhz bu dövrün tələblərinə uyğun bir səviyyədə aparılır. Struktur islahatları
idarəetmədə paralleliyin ləğvini, çevikliyin təmin edilməsini, inkişafın
qarşısında əngələ çevrilən məqamların tam aradan qaldırılmasını hədəfləyən
islahatlardır. Ötən müddətdə bu istiqamətdə çox işlər görülüb. İdarəetmədə
maksimum çevikliyin təmin edilməsi üçün bir çox dövlət strukturları ləğv edilərək
başqa müvafiq qurumlarla birləşdirilib, məmur - vətəndaş münasibətlərindəki
neqativ halların aradan qaldırılması məqsədilə bir çox dövlət orqanlarının
funksiyaları ASAN Xidmətə verilib.
Respublikamızın sabit iqtisadi inkişaf yolunda
olması idarəçiliyin demokratik formasını sabitləşdirməyə və möhkəmlətməyə
əsaslı zəmin formalaşdırır. İndiki məqamda ölkənin siyasi elitası qarşısında
duran əsas vəzifələrdən biri iqtisadi nailiyyətləri yeni demokratik şüur
formalaşdırılması amilinə transformasiya etməkdir.
Комментарии
Отправить комментарий