Şəhid ailələrinə ali ehtiram




 Sosial sahəyə diqqətin ildən-ilə artırılması ölkə vətəndaşlarının rifah halının yüksəlməsi ilə nəticələnir. Sosialyönümlü siyasətin məqsədi cəmiyyətin bütün üzvlərini layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin ictimai statusunu yüksəltməkdir. Son 16 ildə Azərbaycanda həyata keçirilən  sosial layihələr aztəminatlı vətəndaşların maddi durumunun yüksəldilməsinə xidmət edib.  Prezident İlham Əliyevin yürütdüyü sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması və paralel olaraq sosial müdafiəsi məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılmasından, onların həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradılmasından ibarətdir.      
2009-cu ilin 18 mart referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinin II hissəsinə əlavə edilmiş "sosial yönümlü" sözləri də bu baxımdan diqqəti xüsusi çəkir. Azərbaycan dövləti sosialyönümlü siyasətinə konstitusion status verməklə, hər bir vətəndaşın yüksək yaşayış səviyyəsinin təmini istiqamətində davamlı fəaliyyət göstərəcəyi ilə bağlı üzərinə hüquqi öhdəlik götürüb. Büdcə zərfində sosialyönümlü xərclərin dominantlıq təşkil etməsi də bunun bariz nümunəsi kimi diqqəti çəkir.  Hökumət məhz əhalinin aztəminatlı təbəqəsinin sosial mənafeyini nəzərə alaraq ardıcıl tədbirlər həyata keçirir.


Qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində aparılan davamlı tədbirlərin nəticəsində bütün çadır şəhərcikləri ləğv olunub, onların əvəzində yeni, müasir standartlara cavab verən evlər inşa edilib. Bütün infrastrukturla təmin edilən qəsəbələrdə məskunlaşan, əksəriyyəti torpağa bağlı olan məcburi köçkünlərin əkin-biçinlə məşğul olması üçün torpaq sahələri ayrılıb. Bununla yanaşı, doğma torpaqlarından ayrı düşmüş bu insanlar üçün 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, 30-dan artıq rabitə müəssisəsi, onlarla mədəniyyət ocağı tikilib istifadəyə verilib. Məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl davam etdirilir. Prezident İlham Əliyevin 2004-cü il iyulun 1-də təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" xüsusi qeyd olunmalıdır. Sənədə uyğun olaraq 2004-cü ildən etibarən qaçqın və məcburi köçkünlər üçün respublikamızın müxtəlif bölgələrində yeni yaşayış qəsəbələrinin inşası prosesinə start verilib.
Son 16 ildə qaçqın və məcburi köçkünlər üçün 2 milyard dollardan artıq vəsait xərclənib. Xüsusi qeyd olunmalıdır ki, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması, əsas etibarı ilə ölkəmizin daxili imkanları hesabına həyata keçirilir. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb. Bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman müsbət qarşılanır.  2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da bu kateqoriyadan oolan vətəndaşlarla baglı olub.

Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasının ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biri olduğu qeyd edilir. Bildirilir ki, son illərdə ölkəmizdə əhalinin, xüsusilə Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi, bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər uğurla davam etdirilir.
 Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə ölkə başçısı 2019-cu il 15 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə göstərilən vəsaitin 35 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb. Ümumilikdə bu kateqoriyadan olan vətəndaşlara dövlət tərəfindən görülmüş tədbirləri belə sistemləşdirmək olar:  
        - 1997–2018-ci illər ərzində dövlət Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 6500-dən çox mənzil verib.
         - şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsini nəzərdə tutan sərəncam imzalanıb.
-         Bu kateqoriyadan olan vətəndaşlara 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il isə həmin vətəndaşlara daha 800 mənzilin təqdim olunması nəzərdə tutulur.
      Dövlət başçısı İlham Əliyev Prezident Sarayında şəhid ailələri ilə görüşdə bu istiqamətdə tədbirləri davam etdiriləcəyini bildirib: “Mənim fəaliyyətimdə bu məsələ daim prioritet təşkil edir. Son illər ərzində şəhid ailələri ilə çoxsaylı görüşlərim bunu bir daha sübut edir. Biz sizinlə birlikdə bir çox evlərin açılışlarında iştirak etmişik. Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm. Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim.
Şəhid ailələrinə diqqət, eyni zamanda, keçən il özünü bir daha göstərdi. Keçən ilin aprel ayında Azərbaycan xalqı bir daha mənə etimad, inam göstərdi, məni prezident vəzifəsinə seçdi. Mənim birinci Fərmanım şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı idi. Təbii ki, bu, təsadüfi deyil. Mən istənilən sahə üzrə fərman imzalaya bilərdim. İqtisadi sahə üzrə, xarici siyasət, sosial məsələlərlə bağlı. Ancaq mən hesab etdim ki, birinci Fərman şəhid ailələri ilə bağlı olmalıdır. Bu Fərman əsasında 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulur. Yenə də deyirəm, mən heç bir ölkə ilə Azərbaycanı müqayisə etmək istəmirəm, ancaq bu da həqiqətdir ki, Azərbaycan bir çox ölkələrə bu sahədə nümunə göstərir”.
“Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”-deyən İlham Əliyev atdıgı addımlarla hər bir azərbaycanlının yanında oldugunu sübut edir. Dövlət başçısı şəhid ailələri ilə görüşü zamanı bu kateqoriyadan olan insanlara həssas yanaşması  cəmiyyətə ünvanlanan mesaj kimi də dəyərləndirilə bilər. Belə ki, ölkə başçısı sosial statusundan, vəzifəsindən asılı olmayaraq hər bir kəsin şəhid ailələrinə hörmət və ehtiramla yanaşılmalı oldugunu nümunə göstərdi. Şəhid və şəhid ailəsinin Azərbaycan dövləti üçün müqəddəs olduğunu və bunun da hər kəs tərəfindən məhz belə əxz olunmasını aşıladı.

Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Ermənilər Əli Kərimli deyir....