Prezident İlham Əliyev Davosda Azərbaycanın hədəflərini açıqladı
İsveçrənin Davos şəhərində keçirilən illik Dünya İqtisadi Forumu
çərçivəsində Prezident İlham Əliyev bir
sıra mühüm görüşlər keçirərək müasir cəmiyyətin üzləşdiyi ən aktual dünyəvi,
qlobal və regional problemləri müzakirə edib.
Xatırladaq ki, Azərbaycan 1995-ci ildən
bəri Dünya İqtisadi Forumunun daimi iştirakçısıdır. Həmin il keçirilən forumda
Azərbaycana həsr olunan görüş təşkil olunmuş, burada Heydər Əliyev ölkəmizin
zəngin neft-qaz resursları və xarici investisiya üçün potensial şəraitin olması
barədə dünya ictimaiyyətinə məlumat vermişdir. Müstəqilliyimizin ilk illərində
respublikamıza xarici investisiyaların cəlb olunması zəruri və prioritet
məsələlərdən idi. Davos İqtisadi Forumunun 2000-ci il görüşündə Azərbaycan
artıq dünya miqyasında nüfuz qazanmış, “Əsrin müqaviləsi”nə imza atmış bir
dövlət kimi iştirak edirdi. Həmin forumda müzakirə olunan məsələlərdə (İpək
Yolu, Qafqazın perspektivləri) Azərbaycanın mövqeyinin nəzərə alınması
ölkəmizin nəinki regionda, həmçinin dünyada artıq söz sahibi kimi tanınmasından
xəbər verirdi. Dünya Bankı (DB) Qrupunun açıqladığı “Doing Business-2019” hesabatında
Azərbaycan 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Bununla da
Azərbaycan ötən illə müqayisədə reytinqdə 32 pillə yüksəlib.
Qlobal iqtisadi böhranın yeni fazaya keçdiyi,
milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir
edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud
olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti
qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu bir çox məsələlərin
müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır. Davosa
işgüzar səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizlə əməkdaşlığa
böyük maraq göstərən bir sıra rəsmilər və nüfuzlu şirkətlərin təmsilçiləri
ilə görüşüb. Prezident İlham Əliyev bu görüşlərdə Azərbaycanda təhlükəsizliyin
təmini və sabitliyin bərqərar olunması istiqamətində mühüm tədbirlərin
görüldüyünü bildirib. Ölkəmizin yerləşdiyi coğrafi məkanın əhəmiyyətini
vurğulayan dövlətimizin başçısı bu amilin iri transmilli layihələrin, o
cümlədən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat və digər layihələrin uğurla
reallaşmasına rəvac verdiyini bildirib. Prezident İlham Əliyev son illərdə
ölkəmizdə gedən inkişaf proseslərindən danışıb, Azərbaycanın yeni inkişaf
mərhələsinə daxil olduğunu və iqtisadiyyatın, həmçinin ixracatın
şaxələndirilməsi istiqamətində təsirli tədbirlərin görüldüyünü vurğulayıb. Prezident
İlham Əliyev Davosda Ermənistanın təcavüzkar dövlət olması, beynəlxalq hüquq
normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsindən də danışıb.
Prezident İlham
Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya
kanalına müsahibəsində bu barədə bildirib: “Müstəqilliyimizin ilk illərində biz
Ermənistanın təcavüzünə və işğalına məruz qaldıq. Bunun nəticəsində bir
milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, torpaqlarımızın
iyirmi faizi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının
torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və iyirmi beş
il bundan əvvəl qəbul olunan dörd qətnaməsinə baxmayaraq, onlar icra olunmur.
Buna görə də biz hədəfimiz olan ərazi bütövlüyümüzün bərpa edilməsi və bir
milyondan artıq insanın evlərinə qayıtması üçün daha güclü, daha uğurlu və daha
effektiv olmalıyıq. Buna görə də özümüzü təminetmə, öz resurs və
ehtiyatlarımıza arxalanma siyasətimiz artıq bizi uğura aparır”.
Azərbaycan rəhbərliyinin böyük uzaqgörənliklə yürütdüyü xarici syasət strategiyası ölkəmizin dünya siyasi arenasında rolunu getdikcə möhkəmləndirir. Beynəlxalq arenada ölkəmizin ildən-ilə artan nüfuzu üzləşdiyimiz bütün
problemlərin
milli maraqlarımıza uyğun həll olunacağına əminlik yaradır. Bölgədə
gerçəkləşdirilən bütün qlobal layihələrdən kənarda qalan Ermənistan əhalisinin
sosial durumu olduqca acınacaqlı vəziyyətdədir. Azərbaycan dövləti isə bütün
sahələr üzrə davamlı inkişaf edərək dünyanın inkişaf etmiş ölkələri sırasına
qoşulur. Son 16 ildə ölkəyə uğurla rəhbərlik
edən Prezident İlham Əliyev praqmatik və rasional düşüncəli lider kimi davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə güvənli xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın davamlı inkişafını
təmin edib. İqtisadi sahədə əldə olunan uğurlar ölkədə vətəndaşlarla iqtidarın mənəvi birliyini
gücləndirməklə yanaşı, həm də ölkəmizin
xarici siyasət sahəsində inamlı, qətiyyətli mövqeyini təmin edir.
Məlum oldugu kimi, BMT ilə
yanaşı, ATƏT-in, AŞ PA-nın, Qoşulmama Hərəkatı, İƏT-in sənədlərində də
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub.
Bütün bunlar hüquqi və siyasi baxımdan xeyrimizə olsa da, reallıqda heç nə
dəyişmir. Əlbəttə ki, biz başqa sahələrdə olduğu kimi, bu sahədə də ikili
standartlarla üzləşirik. Ermənistanın təcavüzkar dövlət olması, işğalçılıq siyasəti
yürütməsi ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərə də yaxşı məlumdur. Lakin
bəzi aparıcı dövlətlərin ikili oyunları beynəlxalq hüququ iflic duruma gətirib.
Qarabağ münaqişəsinə ədalətsiz yanaşma da kifayət qədər üzdədir. Danışıqlar prosesində rəsmi İrəvan müxtəlif bəhanə və əsassız iddialarla geri çəkilməyə üstünlük verir.
Prezident İlham
Əliyev müsahibəsində bir daha bildirib: “Dünyada aparıcı beynəlxalq təşkilat olan BMT
Təhlükəsizlik Şurası münaqişə ilə bağlı qətnamə qəbul edir, lakin münaqişə
həllini tapmır, qətnamələr icra olunmur. Buna görə də biz əlbəttə ki,
beynəlxalq hüquqa arxalanmalıyıq, lakin, eyni zamanda, biz daha güclü
olmalıyıq. Biz iqtisadi cəhətdən daha güclü olsaq, biz siyasi cəhətdən də daha
güclü olacağıq. Biz milli maraqlarımıza əsaslanan müstəqil xarici siyasət
yürüdə biləcəyik”.
Azərbaycan dövləti milli
maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə güzəştə getmək niyyətində
olmadığını dəfələrlə sübuta yetirib. Bu prinsipial və qətiyyətli yanaşma
ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə etməyə, bu yolla iqtisadi-siyasi
maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara
özünü daha kəskin şəkildə göstərmişdir. Ölkə rəhbərliyi bu gün də iqtisadi və
siyasi islahatları hansısa dövlətin və ya beynəlxalq qurumun diktəsi altında
deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl strategiya əsasında aparır. Azərbaycan
son illərdə siyasi baxımdan kifayət qədər güclənərək, regionda inkişafını məhz
daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilib.
Bu gün Azərbaycan dövləti qarşısında
duran ümummilli məqsədləri dəqiq müəyyən edərək, onların gerçəkləşdirilməsi
istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərərir. Dünyadakı
mövqelərini möhkəmləndirir, hərbi gücünü artırır, ən əsası yalnız özünə
güvənir. Ermənistan və onun havadarları da artıq bundan bərk əndişəyə düşüblər.
Cənab Prezidentin Davosda bir daha konkret hədəfləri göstərməsi işgalçı dövlətə
növbəti xəbərdarlıq kimi də dəyərləndirilə bilər.
Комментарии
Отправить комментарий