“Kalkulyator uşaq”-dan xəbər var
Rusiyanın “Birinci
kanal”ında yayımlanan “Udivitelnıye lyudi” proqramında qeyri-adi istedadı ilə
hamını təəccübləndirən azərbaycanlı vunderkind Ruslan Səfərova xarici və yerli
təhsil müəssisələrində oxumaq təklif olunur.
Azərtac-ın məlumatına görə,
“Kalkulyator uşaq” adlandırılan 7 yaşlı Ruslanı öz məktəblərində görmək
istəyənlər arasında yerli təhsil ocaqları ilə yanaşı, Rusiyanın Moskva,
Sankt-Peterburq və Soçi şəhərlərində yerləşən liseylərdə var.
Ruslan Səfərov Qusar şəhərində
yaşayır. Ailənin yeganə övladı olan istedadlı balaca şəhər 4 nömrəli tam orta
məktəbin ikinci sinfində oxuyur. İkinci sinfə getsə də, mürəkkəb riyazi
əməliyyatları kalkulyator sürəti ilə həll edə bilir. Kökaltı ifadələr, faiz
göstəriciləri və alqoritm məsələlərinin həlli onun üçün su içmək kimi asandır.
Atası coğrafiya müəllimi, anası isə
tibb işçisi olan vunderkind yaş yarımlığında gəzməyi öyrənib, eyni vaxtda da
danışmağa başlayıb. Ruslan Səfərov böyüyəndə proqramçı olmaq istəyir.
“Riyaziyyata böyük həvəsim var. İlk vaxtlarda
hesablamalar mənə çətin gəlirdi. Sonra misalların asan həll yollarını tapdım.
İndi çətin hesablamaları, hətta kökaltı misalları da qısa vaxtda sərbəst həll
edə bilirəm. Mənə hesablamaları atam və babam öyrədib. Çalışıram nəticələrimi
bir az da yaxşılaşdırım. Gələcəkdə proqramçı olmaq istəyirəm”, - deyə balaca
vunderkind bildirib.
Atası
Ruslanın qeyri-adi bacarığını videoya çəkərək “YouTube” kanalına yüklədikdən
sonra Rusiya telekanalından “Udivitelnıye lyudi” proqramında çıxış etmək üçün
təklif gəlib. Bundan sonra Rusiya və Belarusun bir sıra telekanallarında uğurla
çıxış edən azərbaycanlı vunderkind indi dünyada məşhurlaşıb.
Комментарии
Отправить комментарий