Avropa parlamenti ermənipərəst dairələrin ideoloji mərkəzi rolunda



 Azərbaycan aparıcı beynəlxalq təşkilatlar çərçivəsində özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edib. Bu gün Azərbaycanda heç bir kənar təsir və diktə altında hərəkət etməyən, xalqın maraqlarını, mənafeyini müdafiə edə bilən hakimiyyət mövcuddur. Rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmaq mənasızdır. Çünki bu gün Azərbaycan praqmatik, dünya siyasi arxitekturasının reallıqlarına cavab verən xarici siyasət xətti yürüdür və heç bir dövlətin, beynəlxalq təşkilatın öz daxili işlərinə qarışmasına qətiyyən imkan vermir. Ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir.  Məhz bu amil ölkəmizə qarşı yönəlmiş bütün neqativ meyilləri neytrallaşdırır, Azərbaycanı beynəlxalq səviyyədə söz sahibinə çevirir.
Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya prosesində BMT, ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla sıx əməkdaşlığı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir. Azərbaycanın BMT-dən sonra dünya miqyasında ən çox ölkənin təmsil olunduğu nüfuzlu beynəlxalq təsisat - Qoşulmama Hərəkatı ilə əməkdaşlığı da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
    Azərbaycan müstəqilliynin ilk günlərindən Qərblə tərəfdaşlıq, bərabərhüquqluluq, qarşılıqlı etimad prinsiplərinə əsaslanan əlaqələr qurmaq üçün davamlı cəhdlər edib, amma təəssüf ki, bu səmimi siyasət Qərb tərəfindən lazımnıca qiymətləndirilməyib. Respublikamız müstəqil siyasət yürütmək haqqına, beynəlxalq hüquqa, milli dəyərlərə və digər bu kimi prinsiplərə etinasız münasibət bəsləyən, öz fəaliyyətini tabeçilik, diktat  prinsipləri üzərində quran bəzi Qərb strukturlarına inteqrasiyanın mümkünsüzlüyünü görür və bunun zərərli olduğunun fərqindədir. Azərbaycan dövlətinin son hədəfi öz müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, vətəndaşlarının təhlükəsizliyini və cəmiyyətin layiqli inkişafını təmin etməkdir. Bu hədəfləri təmin etmək üçün Azərbaycan öz xarici siyasətinin prinsiplərinə dönmədən riayət edir.
Azərbaycanın hərtərəfli inkişafı antiazərbaycan dairələrin təsiri altında olan bəzi qurumlarda məyusluq hissi doğurur. Ölkəmizin əldə etdiyi davamlı uğurları həzm edə bilməyən bədnam qüvvələrin Azərbaycanda həyata keçirilən iqtisadi, siyasi və hüquqi islahatların üzərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq cəhdləri ən müxtəlif zamanlarda olub və hər dəfə də fiaskoya uğrayıb. 
Avropa Parlamentinin də bu günlərdə Azərbaycanla bağlı qəbul etdiyi növbəti qərəzli qətnamə bunun əyani təsdiqidir. Yanvarın 17 də Avropa Parlamentində Azərbaycanla bağlı aparılmış müzakirələr və Mehman Hüseynovla bağlı qəbul olunmuş qətnamə Avropada erməni diasporu, ermənipərəst dairələr və anti-Azərbaycan qüvvələr tərəfindən təşkil olunmuş qərəzli şoudur. 
Avropa Parlamenti tərəfindən qəbul olunmuş “Mehman Hüseynovla bağlı təcili qətnamə”nin müzakirələrində ilk çıxış edən AP üzvü, eyni zamanda Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms (Almaniya, Yaşıllar qrupu) məsələ ilə bağlı Azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edib. Maraqlıdır ki, AP-də keçirilən təcili dinləmələr ilə bağlı AP tərəfindən nə Milli Məclisə, nə Azərbaycan XİN-nə, nə də Azərbaycanın Brüsseldəki Səfirliyinə hər hansı müraciət daxil olmadığı bildirilir.
    Müzakirələrdə çıxış edən (müzakirələrdə iştirak edən Aİ-nin ən yüksək səviyyəli rəsmisi) Avropa İttifaqının Ticarət Komissarı Sesilia Malstrom öz nitqində Aİ-nin məsələni yaxından izlədiyini və Azərbaycan Hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini vurğulayıb və qeyd edib ki, Aİ diplomatik nümayəndələri M.Hüseynova baş çəkiblər, o aclıq aksiyasını dayandırıb və səhhətinə ciddi təhlükə yaradan vəziyyət yoxdur. Qətnamədə xüsusi ağırlıq verilən məqamlardan biri Azərbaycan qey, lesbian və digər seksual azlıqların və ya LGBT icması adlanan şəxslərin hüquqlarının müdafiəsidir.
Strasburqa AP üzvləri ilə görüşlər keçirərək hər kəsi sifariş əsasında qurduqları şouya inandırmağa çalışan Emin Hüseynovun səsvermə öncəsi deputatlara isterik şəkildə yazdığı müraciəti bir daha onu göstərir ki, bu insanı qardaşı Mehman Hüseynovun taleyi maraqlandırmır, o, bu oyundan əldə edəcəyi şəxsi maraqlarını güdür və onun havadarlarının sifariş etdiyi musiqini ifa edir.
Diqqətimizdən yayınmayan bir məqam da AP-nin qəbul etdiyi qətnamə barədə ilk məlumatın erməni mətbuatında işıqlandırılmasıdır. Görünür qətnamənin qəbulunu onlar gözləyirdilər. Şübhəsiz ki, bu məsələdə AP dəyirmanına su tökənlərin kim olduğu heç kimə sirr deyil.
   Avropa Parlamentinin qətnaməsinin heç bir qüvvəsi yoxdur və zaman-zaman bəzi qüvvələrin Azərbaycan əleyhinə bu kimi alətlərdən istifadə etdiklərinin şahidi olmuşuq. Lakin bu da bir həqiqətdir ki, belə alətlərdən istifadə edən şəxslər elə M.Hüseynov kimilərinin taleyi üzərində öz məkrli planlarını reallaşdırmağa çalışırlar. Digər tərəfdən, Azərbaycan Avtopa İttifaqının üzvü deyil və bu kimi qurumların qəbul etdiyi qərarlar Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. 
   “Qətnamə” müəllifinin kimliyinə nəzər salsaq görərik ki, o bütün post-sovet məkanında rəngli inqilabların müəllifi kimi tanınan Sorosa çox məhrəm şəxsdir. Rebekka Harms rəngli inqilabların ilhamvericisi və dəstəkvericisi qismində çıxış edir. Eyni zamanda, Avronestdə daima bu cür məsələləri dəstəkləyib. R.Harmsın Ukraynada fəaliyyət göstərən və “beçinci kolon” kimi qəbul edilən qüvvələrlə əməkdaşlıgı deyilənlərə fakt ola bilər.
Bu qətnamə Avropa Parlamentinin fəaliyyətinin obyektivliyini bir daha şübhə altına alır. Çünki Avropa Parlamentinin 20 ildən artıq müddətdə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasına biganə mövqe nümayiş etdirdiyi halda, ciddi araşdırma aparmadan əsassız qətnamə qəbul etməsinin başqa izahı ola bilməz. Avropa Parlamentinin qəbul etdiyi bu qərəzli qətnamə Azərbaycanın inkişafına qısqanc münasibətin ifadəsi kimi dəyərləndirilməlidir. Bu gün Avropa ölkələrinin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının təminatı ilə bağlı ciddi problemlər yaşayır. Fransada, Belçikada, Böyük Britaniyada, Almaniyada sosial problemlərin həlli ilə baglı geniş aksiyaların təşkil edilməsi və yüzlərlə aksiyaçıların həbsi, polis zorakılıqları Avropa Parlamentinin nədənsə yadına da düşmür.
Aşkar görünür ki, regionda müstəqil siyasət yürüdən, geosiyasi təzyiqləri inamla dəf edən respublikamıza təzyiq "rıçaq"larını itirmələri ilə qətiyyən barışa bilməyən müəyyən qurum və təşkilatlar  ənənəvi spekulyasiyalarından əl çəkmək istəmirlər. Bəzi hesabatlarında Azərbaycanla bağlı ifrat qərəzin yer alması, kiçik nöqsanların həddən artıq şişirdilməsi ölkə ictimaiyyətinin haqlı narazılığına səbəb olur. Xüsusən də bu çirkin kampaniyaya Avropa və dünya miqyasında müəyyən nüfuza malik təşkilatların qoşulması, sadəcə, təəssüf hissi doğurur. Lakin bu arxaikləşmiş metodlarla Azərbaycana qarşı təzyiq göstərmək qeyri-mümkündür.
Prezident İlham Əliyev hələ 2015-ci il sentyabrın 15-də Çex Respublikasının Prezidenti Miloş Zeman ilə görüşündə Avropa Parlamentinin həmin dövrdə Azərbaycanla baglı qəbul etdiyi qərəzli qətnaməyə kəskin münasibətini bildirmişdi:Bu gün Avropa məkanında, xüsusilə Avropa Parlamentində anti-Azərbaycan qruplaşması yaranıbdır. Bu qruplaşma əlindən gələni etməyə çalışır ki, Azərbaycanı gözdən salsın və imicini ləkələsin. Bizim üçün, bir Prezident kimi mənim üçün Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamə kağız parçasından başqa bir şey deyil. Mən buna əhəmiyyət vermirəm. Əlbəttə ki, bunu pisləyirəm, ancaq bu qətnamə bizim iradəmizə, tutduğumuz mövqeyə heç bir təsir etməyəcək. Azərbaycanı özünə tabe etmək istəyən xarici dairələrə də sözüm ondan ibarətdir ki, sizin bütün səyləriniz əbəsdir. Azərbaycanın müstəqil, milli maraqlar üzərində formalaşmış siyasətinə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz”.


Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir